Rüstəm İsmayılbəylinin təhsil hüquqları ilə bağlı ortaq müraciət - 3 dekabr 2021

04/12/2021

1 dekabr 2021-ci il tarixində "Saleh Rüstəmlyə azadlıq!" aksiyasında iştirak etməməsinə rəğmən həbs olunan və 30 gün müddətində azadlıqdan məhrum edilən Rüstəm İsmayılbəylinin təhsili ilə bağlı problemlər mövcuddur. Həbsdə qaldığı 30 gün ərzində Rüstəm İsmayılbəyli qaib limitindən kəsiləcək və universiteti bitirə bilməyəcək. Bu səbəblə son kursda təhsil alan Rüstəm İsmayılbəylinin qaiblarının dondurulmasına ehtiyac var.

N!DA Vətəndaş Hərəkatı və D18 Hərəkatının ortaq təşəbbüsü ilə AR Təhsil Nazirliyi və Bakı Dövlət Universiteti rəhbərliyindən Rüstəm İsmayılbəylinin qaiblarının dondurumasını tələb etmək məqsədilə ortaq müraciət hazırlanıb və yayımlanıb. Müraciət 1000 nəfərdən çox ictimai fəal və vətəndaş tərəfindən imzalanıb.

Müraciətin mətni:

İsmayılbəyli Rüstəm Hüseyn oğlu Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Regionşünaslıq ixtisası üzrə 4-cü kurs tələbəsidir. O, daha çox ictimai fəal kimi fəaliyyəti ilə də tanınır. 01 dekabr 2021-ci il tarixində saat 15-00-da Fəvvarələr Meydanına təyin olunan aksiyada iştirak etmədiyi halda (bu barədə yetərincə sübutlar vardır) polis tərəfindən saxlanılmış və 02 dekabr 2021-ci il tarixində Bakı şəhər Səbail rayon Məhkəməsi tərəfindən pandemiya qaydalarını pozduğu üçün (AR İXM-nin 211-ci maddəsi) inzibati məsuliyyət olaraq barəsində 30 günlük inzibati həbs seçilmişdir. Bu qərardan onun inzibati xəta üzrə vəkili şikayət verəcəkdir.

Hazırda bizi narahat edən onun inzibati məsuliyyətinin qanunsuzluğundan daha çox təhsilini davam etdirməsi ilə bağlıdır. Qeyd etmək istəyirik ki, Rüstəm İsmayılbəylinin 6 kəsiri vardır, o, imtahanlara hazırlaşdığı məqamda bu cür rəftara məruz qalmışdır. Universitetlə arasında olan müqaviləyə əsasən bütün məsələlər tərəflər arasında müqavilə münasibətləri ilə tənzimlənir.

Baş verənlər Rüstəm İsmayılbəylinin Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində, 2009-cu il 19 iyun tarixli "Təhsil haqqında Azərbaycan Respublikasının qanun"da, həmçinin beynəlxalq konvensiyalarda və instrumentlərdə də nəzərdə tutulan təhsil hüququn kobud şəkildə pozulmasıdır.

Onu da qeyd edək ki, onun təhsil hüququnun pozulması inzibati xətalara dair işdə vəkili tərəfindən qabardılmış və bu məsələ apelyasiya şikayətində də qeyd olunacaqdır. Həmçinin zərurət olduğu təqdirdə həmin hüququn inzibati həbslə pozulması Avropa İnsan Hüquqları Məhkəməsində də qabardılacaqdır.

Rüstəm İsmayılbəylinin qayıb limitinə düşməməməsi və kəsirlərinin yaranmaması üçün onun qayıb limitinin dondurulmasını və ya ləğv edilməsi üçün bu bəyanatı imzalayanlar olaraq Bakı Dövlət Universitetinin rəhbərliyindən və Azərbaycan Respublikası Təhsil Nazirliyindən tələb edirik!

Müraciəti imzalamaq üçün formda ad, soyad və ictimai statusunuzu qeyd edin:

Müraciətin linki: https://forms.gle/wA7tYyM5X4Bgytn46