N!DA Vətəndaş Hərəkatı "Ukraynaya dəstək" aksiyasında - 27 fevral 2022

28/02/2022

2022-ci ilin fevralın 27-də Ukraynanın Azərbaycandakı səfirliyinin qarşısında "Ukraynaya dəstək" aksiyası baş tutub.  Rusiyanın 24 fevral tarixində Ukraynaya hərbi təcavüzünə etiraz məqsədilə təşkil olunan aksiyada bir çox ictimai fəallar və vətəndaşlar iştirak ediblər.

Rusiya təcavüzünü pisləyən və Ukraynaya dəstək nümayiş etdirən aksiya iştirakçıları dəstək şüarları səsələndiriblər. Aksiyada N!DA Vətəndaş Hərəkatı İdarə Heyəti və siravi üzvlər səviyyəsində təmsil olunmuş və Rusiya təcavüzü əleyhinə şüarlar səsləndirmişdir.

Hərəkatın yayımladığı bəyanatda Rusiya təcavüzünün gələcəkdə Azərbaycana qarşı yönələcəyinə də diqqət çəkilib. 

"24 fevral səhər saatlarından etibarən Rusiya silahlı qüvvələri Ukraynanın ərazi bütövlüyünü və süverenliyini kobud şəkildə pozaraq işğalçı fəaliyyətə başlayıb. Vladimir Putinin faşist təfəkkürünün məhsulu olan bu işğal təkcə Ukraynanın deyil, həm də bütün post-sovet ölkələrinin taleyi üçün olduqca önəmlidir. Bu gün Putinin həyasız istəklərinin hədəfi Ukraynadır, lakin sabah Ukrayna ilə yanaşı Azərbaycan və digər ölkələr də Putinin əsas hədəfinə çevrilə bilər.

Ukraynanın timsalında işğalçılarına qarşı aparılan mübarizə XXI əsrdə faşizmə qarşı mübarizənin ön cəbhəsidir. Baş verənlər bir daha avtoritar hakimiyyətlərin xalqlar arasındakı ziddiyyətlərin təməli, etnik düşmənçiliyin və konfliktlərin əsl səbəbkarı olduğunun göstəricisidir.

N!DA Vətəndaş Hərəkatı olaraq dost Ukrayna xalqının azadlıq mübarizəsini dəstəkləyir, işğalçılarına qarşı göstərdikləri müqaviməti alqışlayırıq. Putinlə müttəfiqlik müqaviləsi imzalayan Azərbaycan hakimiyyətini isə baş verənlərdən dərs çıxarmağa və tərəzinin doğru tərəfində yer almağa dəvət edirik.