N!DA "Siyasi partiyalar haqqında qanun"-un ictimai müzakirəsində - 31 oktyabr 2022

31/10/2022

31 oktyabr 2022-ci il tarixində N!DA Vətəndaş Hərəkatı Məclis.info-nun təşkilatçılığı ilə baş tutan "Siyasi partiyalar haqqında qanun"-un ictimai müzakirəsində iştirak edib. Müxtəlif partiya nümayəndələrinin və QHT rəhbərlərinin iştirak etdiyi tədbirdə Hərəkatı İH üzvü Araz Əliyev təmsil edib və rəsmi mövqeyini səsləndirib.

"Siyasi partiyalar haqqında qanunun layihəsinin qəbulu Azərbaycan hakimiyyətinin ölkədəki siyasi proseslərə və bu proseslərin tərəflərinə qarşı münasibətinin açıq göstəricisidir. Hakimiyyət yeni qanunla siyasi proseslərin və fəaliyyətlərin yalnız özünün müəyyən etdiyi çərçivələr daxilində və özünün diktə etdiyi şərtlər altından aparılacağını elan edir. Bu çərçivələrdən kənarda qalan hər hansı siyasi fəaliyyəti və subyekti tanımadığını, alternativ və ya əks fikirlərin mövcud ola bilməyəcəyini açıq şəkildə bəyan edir edir.

“Media haqqında qanun”-la media sahəsini tam nəzarətinə alan hakimiyyət, indi də “Siyasi partiyalar haqqında qanun”-la siyasi sferanın oyun şərtlərini müəyyən edir. Bu prosesi yaxın gələcəkdə QHT-lər haqqında qanunla daha da genişləndirməyi hədəfləyir.

Hakimiyyət bu cür mürtəce qanun layihələri ilə tarixən formalaşmış və ya gələcəkdə formalaşacaq yeni güclərin qarşısını almağı, vahid mərkəzdən göndərilən tezislər əsasında idarə olunan, yönləndirilən siyasi sistem inşa etməyi məqsəd hesab edir. Çünki korrupsiyaya, ədalətsiz məhkəmələrə, həbslərə, zorakılığa, sosial bərabərsizliyə və istismara əsaslanan sistemin davamlılığını təmin etmək, bu sistemi qoruyub saxlamaq üçün azad medianın, siyasi partiya institutunun və digər amillərin sıradan çıxarılmasına ehtiyac var.

N!DA Vətəndaş Hərəkatı olaraq mövcud və gələcəkdə irəli sürüləcək mürtəcə qanun layihələrini Azərbaycan hakimiyyətinin demokatiyadan imtinasının və vətəndaşların siyasi iradəsinə qarşı açıq qəsdin göstəricisi hesab edir, bu cür fəaliyyətlərlə ölkədə sivil siyasi mübarizə mühitinin sıradan çıxarılmasının yalnış və təhlükəli olduğunu bəyan edirik !"