Mətbuat konfransı - "Siyasi fəallara təzyiqlər dayandırılsın!" - 5 iyun 2022

06/06/2022

5 iyun saat 18:00-da N!DA Vətəndaş Hərəkatı və "Demokratiya - 1918" Hərəkatının təşkilatçılığı ilə Rəbiyyə Məmmədovanın anasının qarşı edilən hücumla bağlı olaraq Caspian Platformda mətbuat konfransı keçirilib.

Konfransda daha əvvəl zorakılığa məruz qalan Tofiq Yaqublu və Bəxtiyar Hacıyev də iştirak və çıxış ediblər. 

Təşkilatçıların siyasi fəal Rəbiyyə Məmmədovanın anasının iş yerində məqsədli şəkildə hücuma məruz qalmasının, sırf siyasi fəaliyyətinə görə ailə üzvünün, anasının hədəf alınmasının son dövrdə həyata keçirilən çirkin kampaniyanın davam etdiyinin göstəricisi olduğunu qeyd ediblər.

Qeyd olunanlar cinayətkar şəxslərin məqsədli şəkildə və ardıcıl alaraq siyasi fəalları hədəf aldığını, dövlət qurumları və hüquq mühafizə orqanlarının bu cinayətkar qruplarla yaxından əlaqəli olduğunu göstərir. Cinayətkarların bu günədək tapılmaması onların siyasi dairələr tərəfindən qorunduğunu, birbaşa Azərbaycan hakimiyyətinin marağında olan siyasi sifarişləri yerinə yetirdiyini göstərir.

Azərbaycan hakimiyyəti siyasi fəalları öldürməyə, təhqir etməyə və ailə üzvlərini təhdid etməyə davam edir.
Bu gün siyasi fəalların ailə üzvlərini hədəf alan hakimiyyət sabah adi vətəndaşı, onun anasını, bacısını, atasını və övladını hədəf alacaq.

"N!DA Vətəndaş Hərəkatı olaraq bu cinayətlərin araşdırılmasını, cinayətkarların və onlara havadarlıq edən qurum və şəxslərin dərhal cəzalandırılmasını tələb edirik ! Siyasi repressiyanın davam etdiyi, zorakılığa göz yumulduğu hər gün siyasi hakimiyyət üçün yeni problemlərin ortaya çıxacağı unudulmamalıdır!", deyə təşkilatçılar bildiriblər.